Bakı, 2006
Bakı, 2006
2020
Bakı, 2026
Azərbaycanlı alim, professor, konsultant, və müəllif, Prof. Dr. Vəhid Goruslu Birləşmiş Krallıqda yaşayır və Belfast Kraliça Universitetində (Queen’s University Belfast — QUB) akademik fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan Texniki Universitetində (AzTU) yarımştat dəvətli professor kimi çalışır.
Əsas ixtisas sahələri proqram təminatı mühəndisliyi, proqram təminatının test edilməsi və keyfiyyət təminatı (QA), eləcə də süni intellektdir. Universitet professoru, strateji məsləhətçi və təlimçi kimi elmi biliklərin praktik problemlərin həllinə tətbiqi istiqamətində fəaliyyət göstərir.
2000-ci ildən etibarən müxtəlif ölkələrdə yaşamış, təhsil almış və çalışmışdır. Beynəlxalq akademik fəaliyyətinin əsas mərhələləri bunlardır:
2017–2019-cu illər, Niderland: Vageningen Universitetində akademik fəaliyyət.
2013–2017-ci illər, Türkiyə: Orta Doğu Texniki Universitetində (ODTÜ) və Hacettepe Universitetində akademik fəaliyyət.
2000–2013-cü illər, Kanada: magistratura və doktorantura təhsili, daha sonra Kalqari Universitetində akademik fəaliyyət.
2003-cü ildə Kanadanın Vaterloo Universitetində magistr dərəcəsi almış, 2006-cı ildə isə Karlton Universitetində proqram təminatı mühəndisliyi üzrə doktorantura təhsilini tamamlamışdır.
2020-ci ildən Azərbaycanla müxtəlif sahələrdə fəal əməkdaşlıq edir. İT şirkətlərinə proqram təminatı mühəndisliyi, test, keyfiyyət təminatı və süni intellekt mövzularında məsləhət və təlim xidmətləri göstərir. Həmçinin ali təhsil sisteminin inkişafı, keyfiyyət təminatı və idarəetmənin təkmilləşdirilməsi istiqamətində təcrübəsini bölüşür.
Texniki ixtisas sahələri ilə yanaşı, aşağıdakı mövzularda da araşdırmalar aparır və nəşrlər hazırlayır:
Azərbaycanşünaslıq: Quzey və Güney Azərbaycanda etnik kimliyin müqayisəli və praqmatik təhlili, kimlik assimilyasiyası, “manqurtlaşma” anlayışı, Güney Azərbaycanda Azərbaycan dilinin istifadəsinə və tədrisinə qoyulan məhdudiyyətlər, onların fərdi və ictimai təsirləri.
Miqrasiya araşdırmaları: yüksəkixtisaslı mütəxəssislərin və elmi-intellektual elitanın miqrasiya səbəbləri, köç qərarlarına təsir edən amillər və insanların bir neçə ölkəyə ardıcıl köçünü əhatə edən çoxmərhələli miqrasiya təcrübələri.
Ali təhsildə keyfiyyət və idarəetmə: Azərbaycan da daxil olmaqla, ali təhsil sistemlərinin keyfiyyətinin diaqnostik təhlili; səriştə və nailiyyətlərə əsaslanan akademik mühitlərlə siyasi amillərin üstünlük təşkil etdiyi mühitlərin müqayisəsi.
Təhsildə texnologiyanın rolu: Birləşmiş Krallıqda və digər ölkələrdə məktəblərin ənənəvi dərsliklərdən təhsil texnologiyalarına (EdTech) keçidinin təlimə, mütaliə vərdişlərinə və şagirdlərin müstəqil düşünmə bacarıqlarına təsirləri.
Bu istiqamətlərdəki fəaliyyətində əsas məqsədi problemləri açıq müzakirəyə çıxarmaq, onların səbəb-nəticə əlaqələrini araşdırmaq və praktik həll yolları təklif etməkdir.
Prof. Goruslu Güney Azərbaycanın Miyana şəhərində anadan olmuşdur. Ailə kökləri Qərbi Azərbaycanın Gorus şəhərinə gedib çıxır. Kanada və Britaniya vətəndaşıdır. Ana dili Azərbaycan dilidir; türk, ingilis və fars dillərini də mükəmməl bilir.